Bugün Azərbaycan Mühəndislik Akademiyası Azərbaycan Respublikasının Kosmik Agentliyi “Azərkosmos” ilə birlikdə Ümumdünya Mühəndislik Günü münasibətilə tədbir keçirdi.
Qeyd edək ki, 2019-cu ilin noyabrında UNESCO-nun 40-cı Baş Konfransında hər il martın 4-nün Dayanıqlı İnkişaf naminə Ümumdünya Mühəndislik Günü kimi elan edilməsi ilə bağlı qətnamə qəbul edilmişdir. Qətnamənin qəbul edilməsi faktı isə Ümumdünya Mühəndislik Təşkilatları Federasiyasının (World Federation of Engineering Organizations – WFEO-nun) 2019-2023-cü illərdə Prezidenti olmuş inşaat mühəndisi Prof. Dr. José Vieiranın adı ilə bağlıdır. Bu gün WFEO beynəlxalq səviyyədə tanınan strukturdur və bəşəriyyətin rifahı naminə beynəlxalq və milli problemlərin konstruktiv həlli üçün mühəndislik texnologiyalarının hazırlanması və tətbiqi sahəsində aparıcı mütəxəssis kimi milli və digər beynəlxalq peşəkar qurumlarla əməkdaşlıq edir. WFEO bütün milli və beynəlxalq üzvlərini beynəlxalq perspektiv və imkan verən mexanizmlər təqdim etməklə davamlı, ədalətli dünya qurmaq üçün qlobal səylərə töhfə verməyə təşviq edir.
2020-ci ildə bu tarixin qeyd olunmasından bəri bu, mühəndislərin nailiyyətlərinin tanınmasına həsr olunmuş ilk və yeganə beynəlxalq gündür və hər il 4 Mart dünyanın Davamlı İnkişafı üçün Mühəndislik Günü kimi qeyd olunur.
Tədbirdə Milli Aviasiya Akademiyasının, Azərbaycan Texniki Universitetinin və Azərbaycan Dövlət Neft və Sənaye Universitetindən olan akademiyanın üzvləri və mühəndislik fəaliyyətində fərqlənən tələbələr (gələcək mühəndislər) və digər qonaqlar və eləcə də jurnalistlər iştirak edirdilər.
Tədbiri giriş sözü ilə Mühəndislik Akademiyasının vitse-prezidenti akademik Əhəd Canəhmədov açaraq, Mühəndislik Akademiyasının Prezidenti akademik Arif Paşayevin salamlarını və təbrikini tədbir iştirakçılarına çatdırdı.
Sonra Əhəd Canəhmədov “4 Mart – Ümümdünya Mühəndislik Günüdür” mövzusunda məruzə etdi.
Daha sonra Rəqəmsal İnkişaf və Nəqliyyat nazirinin müavini Saməddin Əsədov, Azərbaycan Kosmik Agentliyinin (“Azərkosmos”) İdarə Heyətinin rəhbəri vəzifəsini müvəqqəti icra edən Dunay Bədirxanov da çıxış edərək, mühəndisləri təbrik etdi.
Tədbir çərçivəsində dünya şöhrətli azərbaycanlı alim, mexanik-filosof, texnika elmləri doktoru, professor Əhəd Canəhmədovun “Mühəndislik təfəkkürünün təkamülü” adlı elmi-fəlsəfi traktatının təqdimatı oldu. Qeyd edək ki, nəşrin elmi redaktoru Azərbaycan Mühəndislik Akademiyasının prezidenti, Milli Aviasiya Akademiyasının rektoru akademik Arif Paşayevdir.
Tədbirdə hər ali məktəbdən bir neçə tələbə aktiv mühəndislik fəaliyyətinə görə Sertifikatla təltif olundu, onlara hədiyyələr təqdim edildi. Yekunda xatirə fotoşəkilləri çəkildi.