Document

AZƏRBAYCAN MÜHƏNDİSLİK AKADEMİYASI

Bütün bəşəriyyət mühəndislik fəlsəfəsinin ideya və qənaətlər enerjisindən güc alır…

AZ EN RU

How to create an awesome awesome CSS slideshow
   MENYU

AKADEMİK ARİF MİR CƏLAL OĞLU PAŞAYEV

Arif Mir Cəlal oğlu Paşayev 1934-cü il fevralın 15-də Bakıda anadan olmuşdur.

 

AKADEMİK ARİF MİR CƏLAL OĞLU PAŞAYEV

Dünya şöhrətli alim, fizika-riyaziyyat elmləri doktoru, professor, Azərbaycan Mühəndislik Akademiyasının prezidenti, Beynəlxalq Mühəndislik Akademiyasının vitse-prezidenti, Azərbaycan Dövlət Mükafatı laureatı, əməkdar elm xadimi, bir çox beynəlxalq akademiyaların üzvü, Azərbaycan Milli Aviasiya Akademiyasının rektorudur.
A.M. Paşayev 1957-ci ildə Odessa Elektrotexnika Rabitə İnstitutunun «Radiofizika» ixtisasını bitirdikdən sonra Azərbaycan MEA Fizika İnstitutunda elmi fəaliyyətə başlayıb. Həmin vaxtlarda yarımkeçiricilər fizikası artıq elm və texnikanın bir çox sahələrinə daxil olub. Yarımkeçiricilər qarşısında açılan geniş perspektivlər, yüksək inkişaf və yenilik ona gətirib çıxardı ki, yarımkeçirici cihazlar və yarımkeçiricilər fizikası sahəsi A.M. Paşayevin elmi fəaliyyətinin əsas istiqaməti oldu.
Arif Mir Cəlal oğlu Paşayev zədəsiz nəzarət sahəsindəki çoxillik elmi tədqiqatlarına hələ Moskvada olarkən başlayıb. O, 1960-cı ildə keçmiş Sovet İttifaqının aparıcı elmi mərkəzlərindən sayılan Dövlət Nadir Metallar İnstitutunun (Qiredmet) aspiranturasına qəbul olur. 1965-ci ildə «Yüksək və ifratyüksək tezliklərdə yarımkeçiricilərin parametrlərini ölçmək üçün kontaktsız üsul və cihazların işlənməsi» mövzusunda namizədlik dissertasiyasını mudafiə edərək texnika elmləri namizədi alimlik dərəcəsi alıb.
A.M. Paşayevin yarımkeçiricilər elektronikası və mikroelektronika sahəsində nəzəri və təcrübi tədqiqatlarının nəticələri 1978-ci ildə «Yarımkeçiricilərin tədqiqində elektromaqnit üsulların fiziki əsasları, inkişaf prinsipləri və tətbiqi perspektivləri» mövzusunda müvəffəqiyyətlə müdafiə etdiyi doktorluq dissertasiyasında öz əksini tapdı və o fizika-riyaziyyat elmləri doktoru alimlik dərəcəsinə layiq görüldü.
Bu tədqiqatların əsasında sualtı obyektlərə nəzarət və tədqiq üçün nəzərdə tutulmuş telemetrik, çoxfunksiyalı, hidroakustik kompleks aparatura yaradıldı. 1991-ci ildə A.M. Paşayev «Avtonom hidroakustika informasiya sisteminin yaradılması sahəsində kompleks işlərə görə» Azərbaycan Dövlət Mükafatı laureatı adına layiq görülür.
A.M. Paşayev uzun müddət – 1971-ci ildən 1996-cı ilə qədər Azərbaycan Milli Elmlər Akademiyası Fizika İnstitutunun «Zədəsiz ölçmə və nəzarətin fiziki üsulları» laboratoriyasına rəhbərlik etmişdir və İnstitutun elmi istiqamətlərinin müəyyən edilməsində fəal iştirak edib. Məhz bu müddət ərzində onun alim və elmi təşkilatçı kimi görkəmli qabiliyyətə malik olması bütövlükdə özünü biruzə verir.
1996-cı ildən hazırkı dövrə kimi akademik A.M. Paşayev «Azərbaycan Hava Yolları» Qapalı Səhmdar Cəmiyyətinin Milli Aviasiya Akademiyasının rektorudur.
A.M. Paşayevin rektor təyin olunduğu 1996-cı ildən Milli Aviasiya Akademiyası yeni bir inkişaf pilləsinə qədəm qoyub. Akademik A.M. Paşayev fəaliyyətinə tədris prosesinin, elmi-tədqiqat işlərinin ən yüksək müasir tələblər səviyyəsində təşkilindən başladı. Elmi-tədqiqat Nəqliyyat və Aviakosmik Problemləri İnstitutunun bazasında, özündə Elmi-tədqiqat İnstitutunu, Konstruktor bürosunu və Təcrübə-sınaq istehsalatını birləşdirən Elmi-istehsalat Birliyi yaratdı.
Akademik A.M. Paşayev Azərbaycanda ilk dəfə olaraq müasir dünya standartlarına uyğun, təhsil, elm və istehsalatın vəhdətini nəzərdə tutan ali təhsil ocağı yaradıb.
A.M. Paşayevin rəhbərliyi ilə MAA-nın əldə etdiyi nailiyyətlər müxtəlif tanınmış xarici ölkə təşkilatları tərəfindən də bəyənillib. Təhsil sistemində Avropa standartlarına uyğun olaraq göstərdiyi yüksək xidmətlərə görə MAA-ya verilmiş «Avropa keyfiyyəti» və «Avropanın ən yaxşı müəssisəsi» Beynəlxalq mükafatları buna parlaq sübutdur.
Bundan əlavə Milli Aviasiya Akademiyası Dövlətlərarası Aviasiya Komitəsinin qərarı ilə mülki aviasiya ali təhsil müəssisəsi sertifikatına layiq görülüb, Beynəlxalq Mülki Aviasiya Təşkilatının mülki aviasiya ali təhsil müəssisələrinin siyahısına daxil edilib, eləcə də Avropa Universitetləri Assosiasiyasına tam hüquqlu üzv kimi qəbul olunub.
Arif Paşayev Ukrayna Milli Aviasiya Universitetinin, Gürcüstan Aviasiya Universitetinin, A.S. Popov adına Odessa Milli Rabitə Akademiyasının Fəxri doktoru, Vyana Beynəlxalq Universitetinin Fəxri professoru, Ukrayna Azərbaycanlıları Konqresinin Fəxri üzvüdür. O, həmçinin 2005-ci ildə təsis edilən Azərbaycan Mühəndislik Akademiyasının prezidenti, Beynəlxalq Mühəndislik Akademiyasının vitse-prezidenti və 2009-cu ilin iyul ayında təsis edilən «Elmi Təminatlı İnnovasiya Assosiasiyası» İctimai Birliyinin prezidentidir. 2009-cu ildən “Azərbaycan Mühəndislik Akademiyasının Xəbərləri” Beynəlxalq elmi-texniki jurnalının Baş redaktorudur.
Rusiya və Gürcüstandan olan alimlərlə birgə yarımkeçiricilər fizikası sahəsində elmi kəşfinə görə 340 saylı 2013-cü ildə dağılma mexanikanikası sahəsində kəşfinə görə həmmüəlliflərlə birlikdə 462 saylı diplom verilib. Fizika sahəsində Nobel mükafatı laureatı P.L. Kapitsa adına qızıl medal təqdim olunub. O, həmçinin Rusiya Təbiət Elmləri Akademiyasının Fəxri akademiki seçilib və bununla əlaqədar ona Vernadski adına qızıl döş nişanı verilib.
Beynəlxalq əlaqələrin möhkəmləndirilməsi işindəki xidmətlərinə görə akademik Arif Paşayevə İnsan Hüquqlarının Müdafiəsi Beynəlxalq Komitəsinin «Şərəf və Ləyaqət» Qızıl Ulduzu təqdim olunub.
Akademik A.M. Paşayevin 600-dən çox elmi əsərləri dərc olunmuş, 60-dan artıq kitabın, monoqrafiyanın müəllifidir, 60-dan artıq ixtira üçün müəlliflik şəhadətnaməsi və sənaye nümunələri allıb.
Azərbaycan Respublikası Prezidentinin Fərmanlarına əsasən Azərbaycan elminin və təhsilinin inkişafındakı xidmətlərinə görə «ŞÖHRƏT» və «ŞƏRƏF» ordenləri ilə təltif edilib. Akademik Arif Paşayev Azərbaycan elm və təhsil xəzinəsinə verdiyi töhfələrə, Azərbaycan elmini dünya səviyyəsində ləyaqətlə təmsil etdiyinə görə «Əməkdar elm xadimi» fəxri adına, Ümumdünya Əqli Mülkiyyət Təşkilatının Ali mükafatına – «Qızıl medal»ına, eləcə də Beynəlxalq Mühəndislik Akademiyasının yubiley «Qızıl medal»ına, “Mühəndislik şöhrəti” ordeninə layiq görülmüşdür. 2014-cü ildə ixtiraçılıq sahəsində Respublika müsabiqəsinin laureatı olub.
29 fevral 2008-ci il tarixində Dövlətlərarası Aviasiya Komitəsi akademik Arif Paşayevə «Aviasiya mütəxəssislərinin hazırlanması işindəki xüsusi xidmətlərinə və tədris prosesinin nümunəvi təşkilinə görə» qızıl medal təqdim edib.
2009-cu ildə akademik Arif Paşayev Beynəlxalq Mühəndislik Akademiyasının Beynəlxalq mükafat laureatı diplomu və böyük qızıl medalı ilə də təltif olunub.
2012-ci ildə Beynəlxalq Mühəndislik Akademiyasının ən ali mükafatı “Mühəndislik şöhrəti” ordeninə və Ukrayna Mühəndislik Akademiyasının Podqornı adına qızıl medalına layiq görülüb.
MAA-nın tələbələrinə göstərdiyi yüksək qayğı və dəstəyinə görə Arif Mir Cəlal oğlu Paşayev 2010-cu ilin mart ayında Bakı şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən «İlin ən fəal rektoru» fəxri diplomu ilə təltif edilib.
Azərbaycan Respublikası Prezidentinin «Azərkosmos» Açıq Səhmdar Cəmiyyətinin təsis edilməsi haqqında” 03 may 2010-cu il tarixli 885 nömrəli Sərəncamının 6-cı bəndinin icrasının təmin edilməsi məqsədilə Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin 05 iyul 2010-cu il tarixli 06 saylı kollegiyasının qərarına əsasən Kosmik məsələlər üzrə Şura yaradılmış və akademik Arif Paşayev həmin şuraya sədr təyin olunub.
2011-ci ilin may ayında Milli Aviasiya Akademiyasının rektoru, akademik Arif Paşayev «Qafqaz Universiteti ilin adamlarını seçir» layihəsi çərçivəsində «İlin elm adamı» fəxri adına layiq görülüb.
2014 Akademik Arif Paşayev səmərəli elmi fəaliyyətinə və təhsilin inkişafında xüsusi xidmətlərinə görə “İstiqlal” ordeni ilə təltif edilmişdir.
2019-cu ildə “AZƏRBAYCAN XƏZƏR DƏNİZ GƏMİÇİLİYİNİN 160 İLLİYİ (1858 – 2018)” yubiley medalı ilə təltif olunub.
Arif Paşayev elmdə və mühəndislik fəaliyyətindəki xidmətlərinə görə 2019-cu ildə Beynəlxalq Mühəndislik Akademiyasının “Almaz” medalına layiq görülüb.
Qeyd olunanlar əsas verir ki, cəsarətlə deyək A.M. Paşayev qədim azərbaycan xalqının milli qürurudur, vətənpərvər və humanist insandır.