Xəbərlər

Akademik Əhəd Canəhmədov Beynəlxalq Mühəndislik Akademiyasının iclasında məruzə edib

Bakı, 29 dekabr, AZƏRTAC

Moskvada Beynəlxalq Mühəndislik Akademiyasının (BMA) Prezidentlər Şurasının İdarə Heyətinin onlayn iclası keçirilib.

İclasın əsas məsələlərindən biri də “Azərbaycan Mühəndislik Akademiyasının Xəbərləri” jurnalının “International Scientific Indexing” (ISI) və “Scientific Journal Impact Factor” (SJIF) beynəlxalq elmi sitatlaşma məlumat bazalarına daxil edilməsi məsələsi olub.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Mühəndislik Akademiyasının vitse-prezidenti, BMA Prezidentlər Şurasının üzvü akademik Əhəd Canəhmədov tədbirdə məruzə ilə çıxış edib. O qeyd edib ki, 2009-cu ildə təsis edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyində qeydiyyata alınmış “Azərbaycan Mühəndislik Akademiyasının Xəbərləri” beynəlxalq elmi-texniki jurnalı sistematik olaraq beynəlxalq standartlara uyğun formatda yenilənir. 2021-ci ildə jurnal “International Scientific Indexing” (ISI) və “Scientific Journal Impact Factor” (SJIF) beynəlxalq elmi sitatlaşma məlumat bazalarına daxil edilib, sertifikatlar alınıb. Bu il üçün jurnala verilən impakt faktor ISI – 1,327, impakt faktor SJIF – 8,38-dir. Bundan əlavə, jurnal “Creative Commons Attribution – NonCommercial 4.0” beynəlxalq lisenziyası ilə lisenziyalaşdırılıb.

Jurnal, həmçinin onun reytinqini müəyyən edən, internet şəbəkəsində inteqrasiya olunmuş elmi resurs – Rusiyanın Elmi Sitat İndeksləşməsi (RESİ) layihəsinin müəllif hüquqlarına malikdir. Jurnalın tam mətn elektron versiyası “Rusiya Universal Elmi Elektron Kitabxanasının bazası”na (e-library) yerləşdirilib. Nəşr olunmuş bütün məqalələrə DOI (Digital Object Identifier – Obyektin Rəqəmsal İdentifiatoru) verilir.

Ə.Canəhmədov vurğulayıb ki, bu yeniliklər jurnalın sitatlaşma reytinqini, nəşr olunmuş elmi-texniki informasiyanın beynəlxalq aləmdə yayılmasının səmərəliliyini və çevikliyini artırmaq, həmçinin informasiyanın daha geniş mübadiləsinə və elmi ictimaiyyətdə tanınmasına kömək etmək məqsədi daşıyır. Dünya alimlərinin üzərində çalışdıqları problemləri dərk etmək və görmək, bu problemlərin texniki inkişafı, aktuallığı və praktikliyi baxımından maraq doğuran xəbərlər milli elmi ictimaiyyətimiz tərəfindən ciddi araşdırmalar aparılması üçün canlı mənbədir.

Məruzədə “Azərbaycan Mühəndislik Akademiyasının Xəbərləri” jurnalının bütün dünya alimlərinin üzərində çalışdıqları problemlərə böyük əhəmiyyət verdiyi, artıq 13 il Azərbaycan və xarici ölkələrin elmi həyatında fəal iştirak etdiyi qeyd olunur. “Azərbaycan Mühəndislik Akademiyasının Xəbərləri” jurnalı üç dildə – Azərbaycan, ingilis və rus dillərində məqalələr nəşr edir, materialları kommersiya məlumat bazaları vasitəsilə yayır, həmçinin xarici analitik bazalara keçidlə indeksləşdirmə və sitatlaşdırma aparır. Jurnalda Azərbaycan Mühəndislik Akademiyasının üzvləri tərəfindən hər il 350-dən çox məqalə nəşr olunur.

Gələn il yanvarın 1-dən jurnalın çap versiyası ilə yanaşı, elektron versiyasının da nəşri hazırlanır. Jurnala artıq onlayn ISSN-2789-8245 verilib. Bu, onlayn informasiya axtarış sisteminə qlobal keçid şəraitində düzgün qərardır. Bilik və təcrübə mübadiləsi, xüsusilə də mühəndislik sahəsində cəmiyyətin uğurlu inkişafı üçün səmərəli strategiyadır.

Əhəd Canəhmədovun çıxışından sonra BMA-nın prezidenti akademik B.V.Qusev iclas iştirakçıları qarşısında yekun olaraq qeyd edib ki, beynəlxalq indekslərin və impakt faktorların təyin edilməsi, eləcə də sertifikatların verilməsi sadəcə olaraq yenilik deyil, bu, ilk növbədə, Azərbaycan Mühəndislik Akademiyası orqanının zamanla daim irəli addımladığının göstəricisidir.

Loading

Related posts

Azərbaycanda Zəfər Günü qeyd olunur

Parvin Suleymanova

“Azərbaycan Mühəndislik Akademiyasının xəbərləri” jurnalının növbəti nömrəsi çapdan çıxıb

admin

Akademik Əhəd Canəhmədov Niderlandda beynəlxalq tədbirdə elmi məruzə ilə çıxış edib

Parvin Suleymanova

Leave a Comment