Xəbərlər

“Azərbaycan Mühəndislik Akademiyasının Xəbərləri” beynəlxalq elmi-texniki jurnalının növbəti nömrəsi çapdan çıxıb

Bakı, 15 oktyabr, AZƏRTAC

“Azərbaycan Mühəndislik Akademiyasının Xəbərləri” beynəlxalq elmi-texniki jurnalın növbəti nömrəsi (Cild 17. № 3) çapdan çıxıb. Baş redaktoru akademik Arif Paşayev olan bu jurnal müxtəlif aktual problemləri qabartmaqla elmi mühəndis düşüncəsinin mənbəyini göstərir.

AZƏRTAC xəbər verir ki, Azərbaycan, ingilis və rus dillərində nəşr edilən jurnalın bu nömrəsində oxucular “Mexanika və maşınqayırma”, “Neft və qaz”, “Kimya və neft-kimya texnologiyası”, “İnformasiya texnologiyaları” rubrikalarında müvafiq sahələrin aktual problemlərinə həsr edilmiş tədqiqatlarla tanış ola bilərlər.

Jurnalda dərc edilmiş “Qazıma bucurqadının bir diskli kündəli əyləcinin gərginlik-deformasiya vəziyyəti”, “Boru kəmərlərində və laylarda elastik-özlüplastik mayenin hərəkətinin xarakterik xüsusiyyətləri”, “Müvafiq təbii minerallar əsasında kompozitlər və onların möhkəmlik dərəcəsinin müqayisəli təhlili”, “Sənaye təhlükəsizliyi idarəetmə sistemində intellektual qərar qəbuletmə sisteminin müəyyən edilməsi probleminin həlli” və digər məqalələr aidiyyəti sahələrin mütəxəssisləri, eləcə də tədqiqatçıları üçün maraqlı olacaq.

Xatırladaq ki, 2009-cu ilin noyabr ayından nəşr edilən jurnalın dövriliyi ildə 4 nömrəni əhatə edir. Jurnal Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının reyestrinə namizədlik və doktorluq dissertasiyalarının nəticələrinin dərc olunması üçün daxil edilib.

Jurnal Rusiyanın Elmi Sitat İndeksləşməsi (RESİ) layihəsinə daxil edilib. Jurnalın tam mətn elektron versiyası “Rusiya Universal Elmi Elektron Kitabxanasının bazası”na (e-library) yerləşdirilib.

Jurnal Crossref təşkilatının üzvüdür. Çap olunmuş bütün məqalələrə DOI (Digital Object Identifier – Obyektin Rəqəmsal İdentifiatoru) verilir.

Jurnal International Scientific Indexing (ISI), Scientific Journal Impact Factor (SJIF), Cosmos Impact Factor (CIF), ASCI Beynəlxalq Elmi Sitatlaşma Bazalarına yerləşdirilib, SERTİFİKATLAR verilib, impakt faktor ISI – 1.888, impakt faktor SJIF – 8.503 və impakt faktor CIS – 3.459 (2023).

Bundan əlavə, jurnala “Creative Commons Attribution – NonCommercial 4.0” beynəlxalq lisenziyası verilib.

Jurnal Index Copernicus bazasının Siyahısına daxil olub,  “Scopus”, “Web of Science” beynəlxalq elmi sitatlama bazalarında yerləşdirilməyə təqdim olunub.

“Azərbaycan Mühəndislik Akademiyasının Xəbərləri” beynəlxalq elmi-texniki jurnalının nəşr olunmasında məqsəd oxucuya elmin, texnikanın və texnologiyanın vacib sahələri üzrə lazımi məlumatların verilməsi ilə yanaşı, eyni zamanda, Azərbaycan elm və texnikasının dünya elminə inteqrasiya etməsinə kömək göstərməkdən ibarətdir.

Jurnal qabaqcıl elm, texnika və texnologiyanın nəticələrini inkişaf etdirməyə və ondan istifadə olunmasına, işlərin keyfiyyətinin və səmərəliliyinin yüksəldilməsinə, təşəbbüskarlığın artırılmasına, qüvvələrin təmərküzləşməsinə kömək edir.

Loading

Related posts

ELAN

Parvin Suleymanova

Azərbaycan Mühəndislik Akademiyasının bəyanatı

admin

Ramazan Bayramınız Mübarək !

Parvin Suleymanova

Leave a Comment