Azərbaycan Mühəndislik Akademiyasının vitse-prezidenti, Milli Aviasiya Akademiyasının Nəqliyyat mexanikası kafedrasının müdiri texnika elmləri doktoru, professor Əhəd Canəhmədovun “Friksion qarşılıqlı təsir mezomexanikası” monoqrafiyası çapdan çıxıb.
Milli Aviasiya Akademiyasından AZƏRTAC-a bildirilib ki, monoqrafiyada metal-polimer sürtünmə cütlərinin mezomexanika nöqteyi-nəzərindən kontakt qarşılıqlı təsirinin fiziki və mexaniki qanunları nəzərdən keçirilir, sürtünmə cütlərinin səthaltı təbəqələrində sürtünmənin elektrotermomexaniki nəzəriyyəsi və elektrokinetik təzahürlər əsasında metal-polimer materialların dağılma kinetikası təhlil edilir. Əsərdə kiçik tsikilli yorğunluq şəraitində friksion qurğuların metal-polimer cütlərinin mezomexanikası göstərilib, kvant dağılmasının yarandığı mikrokonsentrasiya gərginliklərinin əhatə sahəsi aşkar edilib. Həmçinin oxsimmetrik kontakt məsələlərinin həllinin modelləşdirilməsinin müasir üsulları təqdim olunub. Bundan əlavə, friksion kontaktın keçid rejimlərinin xüsusiyyətləri təhlil edilib və onların nanostrukturlu örtüklərdə seçilmə meyarı, həmçinin termo-oksidləşdirici deqradasiya prosesi müəyyənləşdirilib. Səth mikroprofili üzrə polimer örtüyün gərginliyini qiymətləndirmək üçün stoxastik yanaşma araşdırılıb.
Kitab mexanika və maşınqayırma sahəsində çalışan elmi və mühəndis-texniki işçilər üçün nəzərdə tutulub. Monoqrafiya səthlərin kontakt qarşılıqlı əlaqəsi (sürtünmə və yeyilmə) problemlərini öyrənən magistrantlar və yuxarı kurs tələbələri üçün faydalıdır.