Görkəmli Azərbaycan alimi Əhəd Canəhmədov Beynəlxalq Mühəndislik Akademiyasının “Almaz nişanı” ilə təltif edilib.
Modern.az xəbər verir ki, tanınmış azərbaycanlı alim, texnika elmləri doktoru, professor, Azərbaycan Mühəndislik Akademiyasının (AMA) vitse-prezidenti, Azərbaycan Milli Aviasiya Akademiyasının “Nəqliyyat mexanikası” kafedrasının müdiri, Beynəlxalq və Rusiya Mühəndislik Akademiyalarının (BMA və RMA) həqiqi üzvü Əhəd Canəhmədov BMA-nın İdarə Heyətinin qərarı ilə Almaz nişanı ilə təltif edilib, ona diplom və stolüstü Almaz nişanı təqdim olunub. Mükafat alimin elmi fəaliyyətdə və təhsil sahəsində qazandığı yüksək nailiyyətlərə, mühəndislik elminin inkişafına verdiyi böyük töhfələrə, tribologiya elmində kəşflərinə, yeni texnologiyaların işlənib hazırlanmasında və tətbiqində yüksək nəticələrinə, yüksək ixtisaslı mühəndis kadrlarının hazırlanmasına, habelə iri layihələrin həyata keçirilməsində və dövlətlərarası elmi-texniki əlaqələrin inkişafında xüsusi nailiyyətlərinə görə verilib. Onun xidmətləri xarici dövlətlərin 25-dən çox orden və medallarına layiq görülüb və alimə “Rusiyanın Əməkdar Mühəndisi” fəxri adı verilib.
Əhəd Canəhmədov bir sıra xarici ölkə akademiyalarının həqiqi üzvüdür, bir çox ölkələrdə nəşr olunan 30-dan çox monoqrafiyanın, 3 elmi kəşfin və 450-dən çox elmi məqalə və patentin müəllifi və həmmüəllifidir. O, istedadlı alim və nümunəvi müəllim kimi geniş auditoriya ilə ünsiyyət qurur. Alimə ən çox populyarlıq qazandıran onun məkan, zaman və dünyanın dərki haqqında “Mühəndislik fəlsəfəsi” adlı elmi-fəlsəfi traktatı olub. “Kainatın dərki” tanınmış alim və elm təbliğatçısı Əhəd Canəhmədovun “Mühəndislik fəlsəfəsi” seriyasından olan növbəti kitabıdır. Müəllif anlaşıqlı dildə və əyani şəkildə yaşadığımız dünyanın fiziki quruluşu haqqında fikirlərini ortaya qoymaqla ətraf aləmin mühəndislik fəlsəfəsi nöqteyi-nəzərindən dərki sahəsində son tədqiqatların nəticələrini oxucuya təqdim edir. Bu kitab təbiət elmləri sahəsindəki biliklərin gündəlik həyatımızda necə tətbiq olunmasından bəhs edir və ecazkar planetimizdəki həyatın mənşəyi və inkişaf tarixi, həmçinin mineralların əmələgəlmə tarixini bir-birinə bağlayır. Mineralların təkamülü nəzəriyyəsi və digər son tədqiqatlara əsaslanan bu traktatın müəllifi Yer üzündəki həyatda baş verə biləcək dəyişiklikləri proqnozlaşdıraraq gələcəyə baxmağa çalışır. Biz də öz növbəmizdə hörmətli alim, akademik Əhəd Canəhmədovu uğurları münasibətilə təbrik edir, ona daha böyük nailiyyətlr arzu edirik.