CANƏHMƏDOV ƏHƏD XANƏHMƏD OĞLU

QISA BIOQRAFİYA

Tribologiya və tribotexnika sahəsində tanınmış alim və mütəxəssis olan Canəhmədov Əhəd Xanəhməd oğlu 23 oktyabr 1946-cı ildə Bakı şəhərində anadan olub.
1969-cu ildə Azərbaycan Neft və Kimya institutunun (indiki Azərbaycan Dövlət Neft Akademiyasının) neft-mexanika fakültəsini bitirib.
1970-1972-ci illərdə Moskva şəhərində SSRİ Elmlər Akademiyasının maşınşünaslıq institutunda məqsədli aspiranturada oxuyub.
1973-cü ildə namizədlik, 1989-cu ildə İ.M. Qubkin adına Moskva Neft və Qaz İnstitutunda doktorluq dissertasiyalarını müdafiə edib, 1991-ci ildə isə professor rütbəsinə təsdiq olunub. Tribologiya elmi sahəsində azərbaycanın ilk elmlər doktorudur.
1975-76-cı illərdə Böyük Britaniyada elmi stajkeçmədə olub.
1973-2011-ci illərdə Azərbaycan Dövlət Neft Akademiyasında ardıcıl olaraq assistent, dosent, professor və kafedra müdiri vəzifələrində çalışıb. Eyni zamanda 1982-1990-cı illərdə xarici tələbələrin işi üzrə dekan müavini işləyib.
2011-ci ildən Azərbaycan Milli Aviasiya Akademiyasında «Nəqliyyat mexanikası» kafedrasının müdiridir.
2006-cı ildən Azərbaycan Mühəndislik Akademiyasının həqiqi üzvü və Baş Elmi katibi seçilib. 2011-ci ildən Akademiyanın Vitse-prezidentidir.
1995-ci ildə Beynəlxalq Mühəndislik Akademiyasının müxbir üzvü, 1997-ci ildə akademiki, 1998-ci ildə isə Gürcüstan Milli Akademiyasının akademiki, 2012-ci ildə Ukrayna Mühəndislik Akademiyasının həqiqi üzvü, 2014-cü ildə Rusiya Təbiət Elmləri Akademiyasının həqiqi üzvü seçilib. Həmin ildə, Rusiya Mühəndislik Akademiyasının akademiki seçilib və adı «Rusiya Mühəndislik Akademiyası» Ensiklopediyasına salınıb.
1995-ci ildə Beynəlxalq «Sürtünmə və yeyilmə», 2011-ci ildən «Neftqaz kompleksləri üçün avadanlıqlar və texnologiyalar», 2013-cü ildən «Sürtünmə və yeyilmə problemləri», 2014-cü ildən «American Association for Science and Technoloqy (AACIT)» (ABŞ) elmi jurnallarının redaksiya kollegiyasının üzvü təsdiq olunub.
1998-ci ildə İngiltərənin Beynəlxalq Bioqrafiya Mərkəzi tərəfindən gümüş medalla, 2000-ci ildə isə qızıl medalla təltif olunmuş və «XX əsrin görkəmli elm adamı» fəxri adına layiq görülüb. 2000-ci ildə Amerika Bioqrafiya İnstitutu tərəfindən elmdə xidmətlərinə görə qızıl medalla və «Beynəlxalq səfir» ordeni ilə təltif olunub.
2006-cı ildə mühəndislik elminin inkişafındakı xidmətlərinə görə Beynəlxalq Mühəndislik Akademiyasının qızıl medalına layiq görülüb.
2011-ci ildə «Mühəndislik şöhrəti» ordeninə əlavə medalına, Beynəlxalq Mühəndislik Akademiyasının Böyük qızıl medalına, Ukrayna Mühəndislik Akademiyası Podqornı adına qızıl medalına və Qazaxıstan Respublikası Mühəndislik Akademiyasının «Mühəndislik şöhrəti» qızıl medalına layiq görülüb. 2012-ci ildə jurnalistlərin təsis etdiyi «Vətənpərvər alim» qızıl medalı ilə təltif olunub. 2015-ci ildə Azərbaycan Mühəndislik Akademiyasının «Mühəndislik Rəşadəti» qızıl medalı, 2016-ci ildə «Beynəlxalq Mühəndislik Akademiyasının Fəxri Qızıl Nişanı» fərqlənmə nişanı, Diplomu və «Mühəndislik şöhrəti» ordeni ilə təltif olunub.
2014-cü ildə Ə.X. Canəhmədov Rusiya Təbiət Elmləri Akademiyası tərəfindən Tribologiya sahəsindəki elmi kəşfinə görə Nobel mükafatı laureatı P.L. Kapitsa qızıl medalı və 2016-cı ildə V.İ.Vernadski qızıl medalına layiq görülüb.
2016-cı ildə Azərbaycan İctimai televiziyası onun həyat və yaradıcılıq fəaliyyətinə həsr olunmuş tammetrajlı “Beynəlxalq səfir” sənədli filmi çəkib. Film televiziya ilə nümayiş olunub.
Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən 2000-ci ildə keçirilən «Ən yaxşı elmi iş» adlı müsabiqədə «Texniki elmlər üzrə neft və qaz quyularının bərpası üçün avadanlıqlar kompleksinin işlənməsi və tətbiqi üzrə» işinə görə laureat olub. 2007-ci ildə NASA (ABŞ) Qrantına sahib olmuşdur. 2014-cü ildə ixtiraçılıq sahəsində Respublika müsabiqəsinin laureatı adını qazanıb.
Ə.X. Canəhmədov 370-dən artıq əsərin, o cümlədən, 60 monoqrafiyanın və kitabın, dərslik və dərs vəsaitinin və 30-dən çox patentin müəllifidir. Onun elmi əsərləri təkcə MDB deyil, eləcə də xarici ölkələrdə məşhurdur. İngiltərə, Almaniya, Çexiya, Sloveniya, Avstriya, Rusiya, Yunanıstan, Yaponiya, Polşa, Finlandiya, İtaliya, Danimarka və b. ölkələrdə tribologiya və tribotexnika problemlərinə həsr olunan Dünya konqreslərində, Beynəlxalq simpoziumlarda və regional konfranslarda və yığıncaqlarda məruzə ilə çıxış etməklə Azərbaycanı ən mötəbər elmi məclislərin tribunalarında ləyaqətlə təmsil edib.
Ölkəmizin tarixində ilk olaraq «Metalpolimer sürtünmə cütlərinin üst qatlarında kontakt – impuls qarşılıqlı təsiri nəticəsində yeyilmə – friksion xarakteristikalarının dəyişmə qanunauyğunluqları» adlı elmi kəşfin müəllifidir (Diplom № 462, 2013-cü il).
2014-cü ildə «Metalpolimer cütlərin işçi qatlarında elektrotermomexaniki sürtünmə prosesinin qanunauyğunluğunun reallaşdırılması» (Diplom № 476, 2014-cü il) və “Metalpolimer sürtünmə cütlərində yeyilən hissəciklərin kütləköçürmə təzahürü”) adlı elmi kəşfləri (Diplom № 482, 2014-cü il) edib.
Onun elmi əsərləri dünyanın bir çox elmi jurnallarında - «Машиноведение» (RF), «Friction and Wear» (ABŞ), «Вестник машиностроения» (RF), «Трение и износ» (Belarus), «Прикладная механика» (Rumıniya), «Механика» (Polşa), «Машиностроение» (RF), «Проблемы машиностроения и автоматизации» (Macarıstan), «Azərbaycan Mühəndislik Akademiyasının xəbərləri» və digər nüfuzlu jurnallarda dərc olunmuşdur.
Ə.X. Canəhmədov «Fiziki-stoxastik tribomodelləşdirmə» (1988), «Neftqaz avadanlıqlarında tribotexniki problemlər» (1998), «Neftqaz avadanlıqlarında elasto-merlərin mexanikası» (2002), «Neft tribologiyası» (2003), «Tribologiyada sinergetika və fraktallar» (2014), «Dağılma mexanikasına fraktal yanaşma» (2015), «Ekologiyada sinergetika və fraktallar» (2017, Almaniya) və eləcə də, traktatlar ”Həqiqətin fəlsəfəsi” (2016) və “Mühəndislik Fəlsəfəsi” (2017) elmi əsərlərin müəllifidir. Məşhur Amerika nəşriyyatı «Springer» onun fundamental monoqrafiyasını «Synergetics and Fractals in Tribology» (2016) ingilis dilinə tərcümə edərək nəşr edib və bu əsərlər alim və mütəxəssislərin böyük rəğbətini qazanaraq beynəlxalq nüfuzunu artırıb. Hal – hazırda onun yeni monoqrafiyası “Fractal Approach to Tribology of Elastomers” (2018) “Springer” nəşriyyatı tərəfindən nəşrə hazırlanır.
Onun təşəbbüsü və bilavasitə iştirakı ilə 1997-ci ildə «Tribotexnika» ixtisası üzrə Ali məktəbə qəbul həyata keçirib və bu proses indi də davam edir.
Ə.X. Canəhmədov azərbaycan dilində ilk dəfə yazılan «Tribologiyanın əsasları», «Qazıma maşın və avadanlıqları», «Tətbiqi mexanika» və «Aviasiya materialşünaslığı» dərsliklərinin müəllifidir. Həmçinin, azərbaycan dilində ilk dəfə yazılmış bir neçə dərslik və dərs vəsaitləri həmin ixtisaslar üzrə milli kadrların hazırlanması üçün əvəzsiz töhfədir.
Elmi fəaliyyətinin əsas istiqamətini maşın və avadanlıqlarda tribotexniki problemlər və onların sahə üzrə təcrübi tətbiqi təşkil edir. «Yeyilmənin termomexaniki nəzəriyyəsi»nin (1988) və «Sürtünmənin elektrotermomexaniki nəzəriyyəsi»nin (2012) müəllifidir.
Bu nəzəriyyələr friksion cütlərin termomexaniki yüklənməsi zamanı dağılma (yeyilmə) mexanizminin fiziki mahiyyətini araşdırmaq, istilik proseslərinin kinetikasına soyutma şəraitinin təsirini dəyərləndirmək, səth qatlarında aşağı sıxlıqlı dislokasiyaların və səth altı qatlarda çat əmələgəlmə intensivliyini proqnozlaşdırmaq, friksion materialların rasional seçilməsinə və kontakt səthində istilik dağılmasının idarə olunmasına imkan verir.
Onun rəhbərliyi altında respublikamızda və xarici ölkələrdə 20-yə qədər namizədlik və doktorluq dissertasiyaları müdafiə edilib.
1989–1990-cı illərdə SSRİ Ali Təhsil Şurasının üzvü, 1992–1993-cü illərdə isə Azərbaycan Dövlət Ali Ekspert Şurasının üzvü olub.
1994-2006-ci illərdə dissertasiya şurasının həmsədri, eyni zamanda Azərbaycan Respublikası Təhsil Nazirliyi Elmi-metodiki «Maşınqayırma və metallurgiya» şurasının bölmə sədri, 2006–2009-cu illərdə isə Azərbaycan Respublikası Prezidenti yanında AAK-ın texniki elmlər üzrə ekspert şurasının sədri olub. 2013-cü ildə Beynəlxalq Mühəndislik Akademiyasının Prezidentlər Şurasının üzvü seçilib.
2009-cu ildən yeni təsis olunmuş «Azərbaycan Mühəndislik Akademiyasının Xəbərləri» Beynəlxalq elmi-texniki jurnalının Baş redaktorunun müavinidir.
2013-cü ildən Londonda nəşr olunan SAEQ elmi-texniki jurnalının Baş redaktordur.
Evlidir, 2 oğlu, 3 nəvəsi var.

http://janahmadov.com/ahad.html

Ə.X. Canəhmədovun təltif olunduğu ORDEN və MEDALLARI

1. Beynəlxalq səfir ordeni (ABŞ) – 2000-ci il;
2. XX əsrin görkəmli elm adamı gümüş medalı (İngiltərə) – 1998-ci il;
3. XX əsrin görkəmli elm adamı qızıl medalı (İngiltərə) – 2000-ci il;
4. Qızıl medal (ABŞ) – 2000-ci il;
5. XV лет МИА qızıl medal (Rusiya) – 2005-ci il;
6. XX лет МИА qızıl medal (Rusiya) – 2010-cu il;
7. Böyük qızıl medal (Rusiya) – 2011-ci il;
8. Mühəndislik şöhrəti ordeninə əlavə medal (Rusiya) – 2011-ci il;
9. Podqornı adına qızıl medal (Ukrayna) – 2012-ci il;
10. Mühəndislik şöhrəti qızıl medalı (Qazaxstan) – 2012-ci il;
11. Nobel mükafatı laureatı P.İ. Kapitsa adına qızıl medal (Rusiya) – 2015-ci il;
12. Mühəndislik rəşadəti qızıl medalı (Azərbaycan) – 2015-ci il;
13. Fəxri qızıl nişan (Rusiya) – 2016-cı il.
14. V.I. Vernadski adına qızıl medal (Rusiya elmlər akademiyası) 2016-cı il.
15. Mühəndislik şöhrəti ordeni (Rusiya) 2016-cı il.