AZERI ENGLISH RUSSIAN

HƏQİQƏTIN FƏLSƏFƏSİ

Arif Paşayev-85 Add comments

ƏHƏD CANƏHMƏDOV

Azərbaycan Mühəndislik Akademiyasının
vitse-prezidenti, akademik,
texnika elmləri doktoru, professor

Fundamental tədqiqatlar həmişə elmin avanqardı olmuşdur. XX əsrdə elmi fəaliyyətin həcmi hər 10-15 ildən bir ikiqat artmışdır. Elə alimlərin sayı da artıb. Belə ki. 1900-cü ildə dünyada 100.000 alim var idisə, 2000-ci ildə onların sayı 5.000.000 olmuşdur (yəni hal - hazırda hər min nəfərdən biri). Başqa sözlə, planetimizdə yaşayan alimlərin 90%-i bizim müasirlərimizdir. Onların biri də - Azərbaycan Milli Aviasiya Akademiyasının rektoru, Azərbaycan Mühəndislik Akademiyasının Prezidenti, akademik Arif Mir Cəlal oğlu Paşayevdir.

“AZƏRBAYCAN MÜHƏNDİSLİK AKADEMİYASININ XƏBƏRLƏRİ” jurnalının Baş redaktordan bölməsində jurnalın qurucusu və baş redaktoru, Azərbaycan Mühəndislik Akademiyasının prezidenti akademik Arif Mir Cəlal oğlu Paşayev dərc etdirdiyi məqalələrdə müdrik elm adamına xas olan xəfif bir ehtiyatla elmi-texniki yaradıcılıqda- mühəndislik fəlsəfəsinin fundamental tərəfində yer ala bilən, praktiki olaraq çox az tədqiq edilən yeni elmi-fəlsəfi düşüncə haqqında yazır. Doğrusu, nəhəng elmi yaradıcılıq prosesində onu “tərəf” kimi ifadə etmək o qədər də düzgün olmazdı, (oxucu bizi təkrarçılıqda üzürlü saysın) çünki o elmi-texniki yaradıcılıq prosesinin ilkin mərhələsində bütün uğur və kəşflərin əsasını təşkil edir. O daim həqiqət axtarışında olan narahat insan idrakının nüvəsi kimi ideya və fikirlərin generatorudur. Məhz onun ötürdüyü impulslar insanı ona məlum olmayan, və ya az məlum olan aləmə ehtirasla baş vurmağa təhrik edir. O aləmin dərinliklərinə irəlilədikcə, insan durmadan onu yaradıcılığa təhrik edən fəlsəfi fikrin istiqamətlərini müəyyənləşdirməyə çalışır, tədqiqatlar nəticəsində əldə etdiyi məlumatların bazasında əvvəlcə düşüncələrini ehtiva edən “həqiqət necə olmalıdır” nəzəriyyəsini yaradır, sonra isə saysız-hesabsız eksperimentlər (əgər mümkünsə) vasitəsi ilə riyazi, fiziki və digər hesablamalar apararaq düsturlarla zənginləşdirir, nəhayət, bir qədər əvvəl ona dərkedilməz, mümkünsüz görünən həqiqəti tapır.
Akademik Arif Paşayevin qeyd etdiyi kimi, ümumbəşəri fəlsəfənin nüvəsini mühəndis düşüncəsi təşkil edir. Belə ki, o insanların yaradıcılıq fəaliyyətinin enerjisini müəyyənləşdirir, yol göstərir, hətta belə demək olarsa, onu tənzimləyir. Məntiqi nəticə kimi, bütün bəşəri düşüncənin mühəndislik məhsulu olaraq konkret, konstruktiv və hamıya aydın görünən həqiqəti üzə çıxarır. Bu müstəvidə alimin gəldiyi elmi qənaət bu günə qədər kimsə tərəfindən baxılmayıb, tədqiq edilməyib və səsləndirilməyib. Bir qədər də irəli gedib, fikrimi akademikin yaratdığı “Mühəndislik fəlsəfəsi” elm ocağında tələbələrinə dəfələrlə təkrar etdiyi sözlərlə ifadə etmək istərdim: - “Bütün bəşəriyyət mühəndislik fəlsəfəsinin ideya və qənaətlər enerjisindən güc alır”.
Görünür, bu dahiyanə fikirdən çıxış edərək, barəsində danışdığımız məqalədə alim işıqlı bir oğlan obrazını yaratmışdır.
Keçmiş zamanlarda təkər düzəldən bir oğlan dahiyanə bir kəşfin müəllifi olduğunu dərk etmədən, ibtidai insanların məskən saldığı kəndin cığırında təkər diyirlədir. Bu təkər bəşəriyyəti görünməmiş texniki inkişafın hamar yoluna- məişətimizin təkmilləşməsinə aparan təkamül yoluna çıxartdı. Bu yolda hər bir addım insanların kainat, dünya, zaman və məkan haqqında təsəvvürünü dəyişdirərək, qarşımızda dünən bizə fantastik, əlçatmaz, ünyetməz məqsəd kimi görünən aləmlər açdı.
Paşayev öz məqalələrinin elmi mahiyyətini yetirmələrinə şərh edərkən deyirdi:-“Əgər siz əcaib görünməkdən çəkinməyərək, cismin daxilində və ətrafında gedən proseslərə daha geniş və cəsarətlə baxsanız, onda bütün dövrlərin və xalqların elmi cəmiyyətlərinə təqdim etdiyim həmin alleqorik - oğlanı anlayarsız. O cümlədən, bizim yaşadığımız dövrün özü də bura daxildir. Biz özümüz tez-tez həmin oğlan kimi irəli sürdüyümüz ideya və fərziyyələrin səsinə biganə yanaşır, laqeyd münasibət göstəririk. Çünki həmin səs bizim dumanlanmış alim təsəvvürünün çərçivəsinə, özümüzün emprik və aksiom mərtəbəsinə ucaltdığımız elmi təfəkkürümüzə sığmır. Mənimlə razılaşın ki, belə halda biz xəlbirlə su daşıyan adama bənzəyirik”…
Sonuncu vəziyyət alimi daha çox narahat edir. O, elmi işdə təkrarçılığa, taftologiyaya dözmür. Bütün hallarda proseslərin yaratdığı yeniliyin qığılcımını, cövhərini, əsasını axtarır.
Onun yaratdığı elm ocağının devizi belədir: “Eyni cür fikirləşməyin, etalon hesab edib əldə etdiyiniz uğurlara aludə olmayın, proseslərə dərindən müdaxilə edərək yaradın”. Bu devizin düsturu və cavabları lövhədə hazır şəkildə yazılmır. O, Həyat adlı prosesin sirlərlə, möcüzələrlə dolu həqiqət fəlsəfəsidir. Həyatın özü teorem olaraq ən böyük fəlsəfi sualdır. Yaranışdan bəri o bizdən öz mənasının və yaşayışımızın düsturuna cavab tələb edir. Bu Suallar Sualına min illər boyu bəşəriyyətin düşünən beyinlərinin topladığı nəhəng bilik dəryasına əsaslanaraq, əbədi və inadlı axtarışlar sayəsində öz fəlsəfəsiylə yalnız mühəndislik elmi cavab verə bilər. Bu missiyanı məhz O çiyinlərində daşıyır. Son olaraq O, işığın haradan süzülüb gəldiyini bilməli, Həyatın və xomo-sapienslərin (düşünən insanların) necə və nə üçün yarandığının fəlsəfəsini açmalı, konkret düsturlar formalaşdıraraq cavab verməlidir. Əlbəttə, bu Məsələlər Məsələsini həll etmək heç də asan deyil. Amma bizim həyatımızın mənası da elə bundan ibarətdir. Biz onu həll etməliyik. Onun həlli yolu da var. Ola bilməz ki, olmasın, əks təqdirdə, onda biz nəyə görə mövcuduq və nə üçün yaşayırıq?!
Biz bu yolla gedirik. Çətin gedirik. Bu çətinlik bizim özümüzlə bağlıdır. Elmin rəhbərliyində dayanıb elmi tədqiqat metodologiyasının kodekslərini təyin edən, onların düşüncə və biliyinə uyğun gəlmədikdə hər bir yeniliyi kəskin şəkildə rədd edən alimlərin lovğalığı, təkəbbürlüyü ucbatından ləngiyirik. Belə halda onların hökmü budur: “Belə şey ola bilməz, ona görə ki, ola bilməz!”
Məqsədə doğru sürətlə getmək üçün hər şeydən əvvəl biz özümüzə qalib gəlməliyik. Özümüz dəyişməliyik. Ağıllı və təmkinli olmalıyıq. Təkəbbürü, ambisiyanı özümüzdən kənarlaşdırıb, təkcə qəbul edilmiş işlərlə deyil (onlar üzərində dayanmağa ehtiyac da yoxdur), toz basmış rəflərdə “SƏHFDİR” damğası ilə əsrlərlə formalaşan, indi isə yeni fərziyyələr və ideyalarla zənginləşdirilən tədqiqatlar üzərində düşünmək, analizlər və ümumiləşdirmələr aparmaq lazımdır. Bəzən səhv hesab edilən işlərdə belə, axtarılan rasional fikri tapmaq mümkündür. Buna ibrətamiz nümunə də var.
Albert Eynşteynin özü patent bürosunda işləyərkən, müəssisənin hörmətli, tanınmış mütəxəssisləri tərəfindən rədd edilən bəzi ixtiraçıların işlərinə diqqət yetirərək onları öyrənməyə başlayır. Mütəxəssislər tərəfindən qəbul edilməyən işlərdə ilk baxışda nəzərə çarpmayan həqiqətin zərrəciklərini aşkarlayıb, nəticədə dünyaya nisbilik nəzəriyyəsini bəxş etdi.
Eləcə də İsaak Nyuton. Bizim hamımız onun aşağıdakı məşhur ifadəsindən ibrət götürməliyik: “Əgər mən digərlərinə nisbətən daha uzağı görə bilirəmsə, demək nəhənglərin çiynində durmuşam”. Onu da deyim ki, Nyutona qədər bu nəhənglərin əksəriyyəti qəbul edilməyərək mühakimə olunub…
Akademik məqalələrində yazır ki, həqiqətin və həyatın bəşəri fəlsəfəsinin axtarışında mühəndis düşüncəsinin enerjisi dominant rol oynayır. Hansı sənətin sahibi olmasından asılı olmayaraq bütün insanlar və bizim əhatəmizdə nə varsa bu yaradıcı enerji ilə yüklənmişdir. Əgər kimsə hesab edir ki, ədəbiyyatçıların, musiqiçilərin, rəssamların, digər mədəniyyət və incəsənət xadimlərinin yaradıcılığının mühəndislik məsələləriylə heç bir əlaqəsi yoxdur – onlar kökündən yanılırlar. Xüsusi istedad sahibləri əsərlərində özlərinin intuitiv təsəvvürləri ilə bizim sədd çəkib ayırdığımız və əldə etdiyimiz uğurların sərhədlərini belə aşa bilirlər. Onların yaradıcı təfəkkürünün daxilindən həqiqəti dərk etmək ideyaları bir qırmızı xətt kimi keçir. Bu anda yaradıcı ideyanı təcəssüm etdirmək üçün dahi mühəndislik qabiliyyəti tələb olunur.
Elmə, hər halda onun görkəmli nümayəndələrinə məlumdur ki, Yaranışın əsasında, adi dillə desək, mühəndislik təfəkkürü var. Kainatın və onda olan hər bir şeyin cövhəridə ilahi mühəndis düşüncəsinin əsası mövcuddur. Obrazlı dillə ifadə etmiş olsaq, mühəndislik ideyası Yaranışın taxtı, bizi heyrətə gətirən digər nə varsa onun tacıdır. Bütün bunlar mühəndislik qüdrəti olan Yaradıcının və ya Yaradıcıların əsərləridir. Orada hər şey nizama salınıb. Bütün riyazi, fiziki və bizim hələ dərk etmədiyimiz hesablamalar, ölçülər vasitəsi ilə məqsədyönlü şəkildə ölçülüb-biçilib, dəfələrlə yoxlanıldıqdan sonra nizamlı halda hərəkətə gətirilib və gördüyümüz kimi nəzarət altında idarə olunur…
Bizə yalnız o qalır ki, özümüz özümüzə aydınlaşdıraq: nə üçün mühəndislik fəlsəfəsinin qüdrəti bütün bunları bizə bəxş etmişdir? Görünür, bu sualın cavabını bizdən gözləyirlər. Çünki veriləcək cavab ondan daha çox biz insanlara lazımdır. Ona görə ki, Yer üzünün insanları indi olduğundan daha ağıllı, düşüncəli və kamil olmalı idi.
Bu gün fizikanın problemləri ilə uğurla məşğul olan akademik Paşayev fizikanın fəlsəfi problemlərini bizim indiki fikir müstəvisinə çıxarmışdır. Belə ki, geniş miqyasda düşünən, fəaliyyəti boyu daim sirr və müəmmalarla dolu materialın sualları girdabında qalan fizikaçı alim, qlobal müstəvidə fəlsəfi antropologiya sahəsində ehtiraslı tədqiqat işinin nəticəsi olaraq təqdim edir.
Kainatın və insanın yaranışı barədə fəlsəfi düşüncələrin tarixi olduqca geniş və əhatəlidir. Dünyada fəlsəfi antropologiya problemləri sahəsi üzrə müəyyən təcrübə və qənaətlər əldə edilsə də, baxışların müxtəlifliyi ucbatından suallar cavablardan dəfələrlə çoxdur. Vəziyyətin bu cür mənzərə alması ona dəlalət edir ki, bizim insan və kainat haqqında düşüncəmiz əbədi problemlər dairəsinə aiddir. Odur ki, kainat və insan haqqında elmi-fəlsəfi mənzərənin tarixindən çıxış edərək demək olar ki, bu mühüm sirri açmaq, həqiqətə bir qədər də yaxınlaşmaq üçün zaman-zaman bir sıra cəhdlər edilmişdir. Problemin qoyuluşundan və onun dərk olunma səviyyəsindən asılı olaraq bu və ya digər tarixi proseslərin siyasi və iqtisadi doktrinaları, sosial idealın nəzəriyyələri yaradılır, ictimai inkişafın perspektivləri formalaşdırılır.
Bu günə qədər bizə dünyanın iki elmi mənzərəsi məlumdur.
İlk elmi təsəvvür XVIII yüzillikdə İsaak Nyuton tərəfindən, ikinci isə XX əsrin əvvəllərində elmi düşüncəni yalnız bir məqsədə Yerdə və Kosmosda canlı varlığın rolunun aydınlaşdırılmasına yönəldən dahi rus alimi Vladimir Vernadski tərəfindən təqdim edilmişdir.
Toplanan təcrübələrin və axtarışların davamı kimi dünyanın dərki sahəsində akademik Paşayevin fəlsəfi sistemi elə məqamlara nüfuz edir ki, onu pozitiv elm özü üçün artıq müəyyənləşdirmişdir. Bu yanaşma günümüzə qədər mövcud olan formal elmi təsəvvürlərin döyənəkləşmiş sədlərindən yan keçərək, Yaranışa və İnsana tamam yeni rakursdan baxmağa imkan verir.
Mühəndislik fəlsəfəsinin elm ocağını yaradan Arif Paşayev elmi prinsiplərinə sadiq qalaraq, özünün həyat, eləcə də həqiqət düsturunu təqdim edir;- cismin özünə, onun daxilində və ətrafında gedən proseslərə cəsarətlə geniş baxmaq, paradokslardan çəkinməmək, qədim dövrlərdə, yaxın keçmişdə və indinin özündə də təkzib edilməyən və təkzibi mümkün olmayan elmi fərziyyələrə, nəzəriyyələrə və faktlara əsaslanmaq…
Şəxsən mənə bir tədqiqatçı alim və insan kimi də bu qənaət çox yaxındır.
Əziz oxucu, əminəm ki, özümə şərəf bilib Sizə təqdim etdiyim Arif Paşayevin həyat düsturu kimi “Həqiqətin fəlsəfəsi”-ni oxuyandan sonra mənim kimi Siz də bütün bu fikirləri bölüşəcəksiniz.

Leave a Reply

You must be logged in to post a comment.



Copyright © Azerbaijan Engineering Academy. All Rights Reserved